Oqtay Şirəliyev: “Koronavirusla bağlı yalnız paytaxtda deyil, regionlarda da test yoxlamaları aparılır”
“Koronavirusla bağlı bu gün yalnız paytaxtda deyil, bütün regionlarda da test yoxlamaları aparılır”.
"XƏBƏRBURO" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə AzTV-nin “Hədəf” verilişində qonaq olan Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.
O bildirib ki, Azərbaycan səhiyyəsinin çevik davranması əhalinin sağlamlığının müdafiəsində mühüm rol oynadı:
”Bəzi ölkələrdə yalnız koronavirus xəstələri ilə birbaşa ünsiyyətdə olan və şübhəli şəxslər test edilir. Lakin, Azərbaycanda müəyyən simptomları olan şəxslər dərhal COVİD-19-a qarşı test edilir. Test yoxlamaları isə yalnız paytaxtda deyil, bütün regionlardakı xəstəxanalarda aparılır. Bu gün ölkədə fəaliyyət göstərən 18 laboratoriyada beş minə yaxın testin aparılması çox böyük rəqəmdir. İnsanların xüsusi diqqətlə yoxlanılması koronavirus infeksiyasının gizli yollarla yayılmasının qarşısını almaq üçün çox ciddi addımdır”