Ölkəmizdə tətbiqinə icazə verilən koronavirus peyvəndlərinin kombinasiyası ilə bağlı tədqiqatlar başlayıb

Mükafat İsazadə 20/02/2021

COVID-19 peyvəndlərindən Rusiyanın “Sputnik V” və Britaniyanın “AstraZeneca” vaksinlərinin kombinasiyası ilə bağlı tədqiqatlar başlayıb.


"XəbərBüro" “RİA Novosti”ə  istinadən xəbər verir ki, bu barədə “Sputnik V”nin “Twitter” hesabında bildirilib.


Məlumata görə, “AstraZeneca” peyvəndinin ilk inyeksiyası nəticəsində əmələ gələn immunitet ikinci inyeksiyanı təsirsiz hala gətirir (effektivlik 55%), ya da ikinci dozanın tətbiqi üçün üç ay gözlənilməlidir.


“Sputnik V” peyvəndi bu problemi iki fərqli inyeksiya yolu ilə həll edir.


“Sputnik V” komponentindən “AstraZeneca” peyvəndinin ikinci dozası üçün istifadə etməklə üç ay gözləməyə ehtiyac qalmayacaq. Bu istiqamətdə klinik sınaqlara artıq başlanılıb”, - deyə tərtibatçılar bildirib.


Xatırladaq ki, Azərbaycan Səhiyyə Nazirliyi “Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün ölkəmizdə kliniki tədqiqatların aparılmasına icazə verib. Bu tədqiqatların cari ilin fevral ayının sonuna qədər başlanılması nəzərdə tutulur.


Dünyada vaksinlərin ilk birgə tətbiqi 24 dekabr 2020-ci ildə qeydə alınan kliniki sınaqların protokolu çərçivəsində həyata keçirilir.


Tədqiqatlar “Sputnik V” vaksininin və Oksford Universiteti ilə birgə “AstraZeneca” şirkəti tərəfindən işlənib hazırlanmış vaksinin kombinasiya edilmiş tətbiqinin immunogenliyini və təhlükəsizliyinin qiymətləndirilməsini nəzərdə tutur. Tədqiqat proqramı bir neçə ölkənin ərazisində altı ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır.