Oğlu minaya düşərək ölən ananın evi yandı.

Aynur 15/09/2021

Bu ilin fevralında Suqovuşanda minaya düşərək həlak olan Bəxtiyar Mahmudovun Tərtərin Şıxarx qəsəbəsində məskunlaşan ailəsinin evi yanıb.

Bu barədə “Qafqazinfo”ya onun qardaşı Şəhriyar Mahmudov məlumat verib. O qeyd edib ki, hadisə bu gecə qısaqapanma nəticəsində baş verib:

“Gecə saat 2-də şaqqıltı səsləri eşitdim. Oyanıb gördüm ki, ev yanır. Yanğınsöndürənlər gəlib söndürdülər. Evdə olan əşyaların hamısı yanaraq kül olub. Sadəcə 5-6 dənə yanmayan yorğan-döşək qalıb. Hazırda köməksiz vəziyyətdə qalmışıq. Mən qardaşımın uşaqları, gəlin və anamla birgə bu evdə yaşayırıq.  Qapıda evə gəlib baxmalarını gözləyirik. Hələ ki, gələn yoxdur”.

Xatırladaq ki, bir müddət əvvəl “Qafqazinfo”nun əməkdaşları B. Mahmudovun ailəsinə baş çəkmişdi. Ailəsinin bildirdiyinə görə, müharibə zamanı düşmən tərəfindən Bəxtiyargilin evinə mərmi atılıb. Nəticədə, evə ziyan dəyib, tövlə dağıdılıb.

Vətən müharibəsi zamanı cəbhəyə yardım aparan 33 yaşlı Bəxtiyarın iki körpəsi yadigar qalıb. B. Mahmudovun körpələri hazırda onun gözdən əlil anası Əsli Baxşəliyevaya əmanətdir.