“Now You See Me 4” artıq hazırlanma mərhələsindədir

Dörd sehrbazın (“The Four Horsemen”) növbəti kinomaceraları yeni ada sahibdir: “Now You See Me: Now You Don’t.” Və dələduzluqla məşğul olan sehrbazların böyük ekrandakı üçüncü oğurluq macərası onların sonuncusu olmayacaq; artıq Ruben Fleischer-in yenidən rejissorluq edəcəyi dördüncü film də hazırlanır.
“Biz rejissorun kəsilmiş versiyasından (director’s cut) o qədər razı qaldıq ki, artıq növbəti bölümü hazırlamağa başlamışıq,” – Lionsgate-in Kinofilmlər Qrupunun rəhbəri Adam Fogelson çərşənbə axşamı, kinoteatr sahibləri üçün keçirilən CinemaCon illik konvensiyasında bildirib. “Biz tamaşaçıların üçüncü filmdə nələr etdiyimizi kəşf etməsini səbrsizliklə gözləyirik və şadıq ki, o bizimlə daha çox sehr yaradacaq.”
Fleischer dördüncü film üzərində işə başlamadan öncə, “Now You See Me 3” 14 noyabr tarixində kinoteatrlarda nümayiş etdiriləcək. Jesse Eisenberg, Mark Ruffalo, Woody Harrelson, Dave Franco, Isla Fisher və Morgan Freeman ilk iki filmdəki rollarını təkrar canlandıracaqlar, Arianna Greenblatt və Rosamund Pike isə heyətə yeni qoşulublar.
CinemaCon çərçivəsində Lionsgate, 2016-cı ildə nümayiş olunan “Now You See Me 2” və 2013-cü ilin “Now You See Me” filmlərinin davamı olan üçüncü hissəni ilk dəfə ictimaiyyətə təqdim etdi. Xatırladaq ki, bu film seriyası dələduz illyuzionistlərdən ibarət Dörd Sehrbazdan (Jesse Eisenberg, Woody Harrelson, Dave Franco və Isla Fisher) bəhs edir. Ancaq üçüncü filmin ilk dəqiqələrində Eisenberg-in canlandırdığı obraz, yeni nəsil dələduz sehrbazlara keçmiş komanda yoldaşlarının “öldüyünü” söyləyərək, onların artıq bir-birindən ayrıldıqlarını bildirir. “Mənim üçün,” deyə o vurğulayır. “Onlar üçün işlər çox ciddi hala gəldi. Bəzi şeylərdən imtina etdilər.”
Üçüncü filmin mövzusu iki nəsil illüziya ustalarını birləşdirən bir almaz oğurluğu ətrafında cərəyan edir. Four Horsemen komandası, guya təqaüdə çıxmalarına baxmayaraq, geri dönərək yeni qatılmış Greenblatt, Justice Smith və Dominic Sessa ilə bir araya gəlir və təhlükəli cinayətkarları məğlub etməyə çalışırlar.
Hələ ictimaiyyətə göstərilməyən treylerdə Greenblatt-ın qəhrəmanı “Mən şanslarımıza inanıram,” deyir.
İlk iki film kommersiya baxımından uğurlu olmuşdu – xüsusən, indiki dövrdə ənənəvi film studiyalarının nadir hallarda maliyyələşdirdiyi orta büdcəli istehsal tipinə aiddir. Orijinal film 350 milyon dollar, davam filmi isə 334 milyon dollar gəlir əldə etmişdi.
Seriyanı ilk dəfə inkişaf etdirən və bütün filmlərini istehsal edən Bobby Cohen, yeni hissədə də Secret Hideout-dan Alex Kurtzmanla birlikdə prodüserlik kürsüsünə qayıdacaq. Meredith Wieck bu layihəyə Lionsgate adından nəzarət edəcək.
“‘Now You See Me: Now You Don’t’ filminə rejissorluq etmək karyeram boyunca ən əyləncəli işlərdən biri oldu,” deyə Fleischer bildirib. “Bu layihə mənim sevdiyim iki elementi — oğurluq (heist) filmlərini və sehrbazlığı bir araya gətirir. Üstəlik, bu inanılmaz heyətlə işləmək həqiqətən sehrli idi. Əlbəttə, bu işi davam etdirmək istəyirəm.”