Nazirlikdən subaylara “evli”, gənclərə “pensiyaçı” SMS-i gəldi

Esed Abasli 29/04/2020


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 190 manatlıq birdəfəlik ödəmə üçün müraciət edən subay şəxslərə həyat yoldaşlarının mülkə və ya nəqliyyat vasitəsinə  sahib olması ilə bağlı imtina cavabının verilməsi ilə bağlı açıqlama yayıb.


XƏBƏRBURO  “Qafqazinfo”a istinadən xəbər verirki,  qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, həmin şəxslər onlara gələn cavab mesajını təhrif edərək paylaşırlar:

“Bəzi subay şəxslər sosial şəbəkə səhifələrində birdəfəlik ödəmədən imtina barədə onlara gələn SMS-dəki “həyat yoldaşının adına 2 və daha artıq daşınmaz əmlak və ya avtomobil olduğu” qeydini konteksdən çıxararaq müzakirə obyektinə çevirirlər. Əslində həmin şəxslərə mesaj mətnində “özünüzün və ya ərinizin (arvadınızın) adına” sözləri yazılıb. Yəni şəxs subay olduqda mesaj onun birbaşa özünə aid olub, ona məxsus əmlakı nəzərdə tutur”.

Qeyd edək ki, birdəfəlik ödəmə üçün müraciət edən bəzi şəxslər onlara imtina səbəbi kimi pensiya almaları haqda, bəzi şəxslər isə həyat yoldaşlarının adında pay torpağı, mülk və ya nəqliyyat vasitələri olduğu üçün imtina SMS-i aldıqlarını söyləyir. Bundan başqa, SMS-lərdə həyat yoldaşı 10-15 il əvvəl rəhmətə gedən şəxslərin ərinin (arvadının) adında 2 və daha çox mülk olduğu qeyd edilənlər də var.