Nazir: “Pandemiya şəraitində Azərbaycanda 80 min yeni iş yeri açılıb”

Esed Abasli 15/12/2020

Gözlənilməz olsa da, yeni növ koronavirus (COVID-19) pandemiyası şəraitində Azərbaycanda martın əvvəlindən indiyədək təxminən 80 min yeni iş yeri açılıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən “KPMG Azerbaijan” şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr olunan “Azərbaycanda Xarici Biznes 2020” hesabatının rəsmi təqdimatında deyib. Nazirin sözlərinə görə, açıqlanan yeni iş yerlərinin 15 faizdən çoxu özəl sektorun payına düşür.

M.Cabbarov onu da qeyd edib ki, Azərbaycan pandemiya fonunda əsas iqtisadi göstəricilərini ilin əvvəlində olan səviyyədə saxlamağı bacarıb və nümunə kimi, ölkənin strateji valyuta ehtiyatlarının, demək olar, dəyişməyən həcmini gətirib. Stabil valyuta bazarına toxunan nazir manatın məzənnəsinin stabil qaldığını xatırladıb. Qeyd edək ki, “Azərbaycanda Xarici Biznes 2020” hesabatı Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələrinin iştirak etdiyi Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır və xüsusilə də ölkədəki investisiya mühitinə fokuslanır.