Naxçıvanın yeni baş nazirindən işsiz şəxslərlə bağlı QƏRAR

Fəxriyyə Qüdrətli 08/06/2020

“Naxçıvan Muxtar Respublikasında işsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası” təsdiqlənib.

"Xəbərburo" xəbər verir ki, bununla bağlı Naxçıvanın Baş naziri Səbuhi Məmmədov qərar imzalayıb.

Bu qayda Naxçıvan ərazisində işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydasını müəyyən edir.

Özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

Bildirilir ki, işsizlikdən sığorta ödənişi alan işsiz şəxslər qanunvericiliyə əsasən özünüməşğulluğa cəlb edilmirlər.

Qaydada yazılıb ki, qanunvericiliyə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslər bir il müddətində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə özünüməşğulluğa cəlb edilirlər.

Xatırladaq ki, mayın 23-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov S. Məmmədovun baş nazir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Buna qədər isə Naxçıvanın Baş naziri Əlövsət Baxşıyev idi.