Naftalan gəncləri intellektual yarışda

Esed Abasli 07/11/2022

Naftalanda 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Bayraqdar” İntellektual Oyunu üzrə şəhər çempionatı keçirilib. 

"XəbərBüro" xəbər verir ki, Naftalan şəhər Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin birgə təşkilatçılığı ilə orta ümumi təhsil məktəbləri arasında keçirilən çempionatın açılış mərasimində ilk olaraq idarə rəisi Samir Qocayev və GİKM-in Naftalan nümayəndəliyinin direktoru Əfqan Baxışəliyev çıxış edib.

Əfqan Baxışəliyev 44 günlük Vətən müharibəsinin Ali Baş Komandanının qətiyyəti, siyasi iradəsi, Müzəffər Ordumuzun şücaəti, şəhidlərimizin qanı bahasına qazanıldığını, bu savaşı Azərbaycan tarixində ədalətin təntənəsi kimi dəyərləndirdiklərini bildiriblər.

Daha sonra komandalara qaydalar izah edilərək oyuna start verilib.

Çempionata əsasən, şəhər ərazisində öncədən təyin edilmiş məkanlarda 5 koordinator komandalara suallar vermək üçün yerləşdirmiş, hər 5 komanda suallara cavab verəcəyi məkanın adını ilkin mərhələdə suala cavab verməklə müəyyənləşdirmiş, daha sonra suallara cavab vermək üçün məkanlara yollanan komanda iştirakçıları 6 sualdan minimum 3-nə cavab verməklə bayraq qazanıblar. 

Yekunda ən çox bayraq toplayan və məkana daha tez çatan Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin “Murov” komandası 1-ci, İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbinin “404” komandası 2-ci, S.Vurğun adına 2 nömrəli tam orta məktəbinin “Zəfər” komandası isə 3-cü yeri tutaraq, diplom və hədiyyələrlə təltif ediliblər.