Müzəffər Ali baş komandanın şanlı zəfəri

Esed Abasli 13/03/2021

Qarabağ 30 il ərzində hər bir Azərbaycanlının qəlbində dərin bir  yara kimi qalmışdı. Lakin dövlət başçımızın uğurlu siyasəti və məğlubedilməz ordumuzun dönməzliyi nəticəsində 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində biz qələbəni qısa müddət ərzində əldə edə bildik. İndi hər bir Azərbaycanlının nəbzi  tarixi zəfərlə döyünür. O zəfər ki, bizi Qarabağa qovuşdurdu! O zəfər ki, şəhidlərimizin qanı yerdə qalmadı! O zəfər ki, dünyanın hər yerində “QARABAĞ AZƏRBAYCANDIR!” deyilir!  Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Rəşadətli Ordumuz qəlbində Vətən sevgisi ilə vuruşdu,irəliyə getməkdən qorxmadı, qəlbində qorxu hissi olmadan döyüşdü. Azərbaycan Ordusu bizlərə Azərbaycanlı olmağın fəxrini yaşatdı. Öz fədakarlığını göstərərək, dözüm və peşəkarlığı ilə bizə alnıaçıqlıq, başıdiklik gətirdi. Vətən yetişdirdiyi igid oğulları ilə fəxr edir. Vətənə olan sevgisindən şəhidlik zirvəsinə ucalan oğulları ilə, ölümü gözə alıb geriyə dönməyən oğulları ilə.. Çünki “Torpaq qanla qarışarsa Vətən olar”.  

 2ci Qarabağ müharibəsi Azərbaycan Ordusuna çox təcrübələr qazandırdı. Döyüşlərin gedişatı ərzində Azərbaycana qarşı beynəxalq təzyiqlər baş verdi. Bir sıra həmsədr ölkələr Azərbaycanı işğalın nəticələri ilə barışmağa, Azərbaycan xalqının iradəsini sındırmağa və Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına dəstək verirdilər.  Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa,beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi eşidilmədi. Bunun əksinə olaraq həmsədrlər “münaqişənin hərb yolu ilə həll variantı yoxdur”, “münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verirdi. Sentyabrın 27-də Ermənistanın təxribatlarına qarşı Azərbaycan əks-hücuma keçdi. Azərbaycanın bu siyasətindən narahat olanlar da var idi. Bəzi ölkələrdən Ermənistana hərbi sursat daşınması ilə bağlı çoxlu faktlar olsa da, bu inkar edilərək Azərbaycana qarşı çoxsaylı böhtanlar atıldı. 

  Amma Ali Baş komandanımızın uzaqgörən siyasəti qarşısında dünya susdu. O, hər kəsə Azərbaycan ordusunun gücünü göstərdi və dünya buna şahid oldu. Bu gün bizi müdafiə edən dövlətlər çoxdur,hətta əvvəldən bizim qarşımızda olanlar qalibiyyətimizlə barışıb yanımıza keçməyi seçdilər bu da Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı olan möhtərəm İlham Əliyevin müdrikliyi, uzaqgörən siyasəti, əzmkarlığın nəticəsidir.  

 Bunu da qeyd etmək istəyərdim ki, Azərbaycan ordusunun çox böyük qələbələri olub. Qarabağın qəlbi olan Şuşanı şəhərə ziyan vurmadan və böyük ustalıqla azad etmək Rəşadətli Ordunun gücünü və peşəkarlığını göstərir. Cəbrayılda erməni zabitləri döyüşməyin mənasız olduğunu deyib qaçmışdılar. Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı azad etdi. Hardrutda 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etmişdir. Azərbaycan əsgəri heç bir yaralı döyüş yoldaşını qoyub qaçmayıb, çətinliklə də olsa onu çiynində daşımışdır. Sona qədər döyüş meydanında qalıb, son nəfəsinə qədər döyüşmüşdür. Prezident Möhtərəm İlham Əliyevin çox gözəl sözü vardır: “Heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz”.  

  Vətən Müharibəsi eyni zamanda peşəkar komandanlıq nümunəsidir. Vahid komandanlıq, planlaşdırma olmadan qələbənin əldə olunması mümkünsüz olardı. Azərbaycan yeni nəsil müharibə üsulu yaratmışdır, dövlətimizin apardığı hərbi əməliyyatlar həm  hazırlanması, həm də  icra edilməsi baxımından bütün dünyada öyrədilir. 

 Əldə olunmuş Böyük Qələbədə bütün qoşun növlərinin öz payı var. Müharibədə iştirak edən hər bir döyüşçü çox çətinlik çəkmiş, ağır günlər yaşamışdır. Ancaq qanında Azərbaycanlı qanı axan hər bir igidimiz inamla, səbrlə, dözümlə qələbəni gözlədi.

 Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti və davamlı təxribatlarına cavab olaraq 44 günlük müharibədə qəhrəman əsgərlərimizlə bərabər yeni nəsil qəhrəmanlar da mühüm rol oynadı. Texnologiyanln sürətlə inkişaf etdiyi bir vaxtda xüsusilə müharibələrdə müasir yeni nəsil silahlara malik olmadan qələbə qazanmaq çox çətindir. Ordumuzun bu yeni nəsil silahlardan məharətlə istifadəsi bizi qələbəyə birazda yaxınlaşdırdı. Pilotsuz Uçuş Aparatları (PUA) vasitəsilə düşmənin koordinatlarının müəyyən edilməsi, ağır zərbələrin endirilməsi, hədəflərin məhv edilməsi bizi müharibədə hər zaman öndə tutdu. Özəlliklə buna misal Türkiyə istehsalı olan “Bayraktar TB2” misal göstərmək olar. 

 Strateji planlaşdırma, texnologiyaların tətbiqi, qüsursuz əməliyyatlar, texniki təchizat və hərbçilərimizin döyüş qabiliyyəti əsas amillərdəndir. Şübhəsiz ki, istənilən müharibənin uğursuzluqla nəticələnməsinin səbəbi strateji planın düzgün olmadığıdır. Yalnız dövlətimizin uğurlu strateji planı nəticəsində qalib dövlət kimi müharibədən çıxdıq. Bunu da qeyd etmək lazımdır ki,planlaşdırma düzgün olmasaydı qələbənin əldə olunması çox çətin olardı



Hörmətlə: YAP Yasamal rayon gənclər birliyinin könüllüsü Əhmədova Lalə.