Müştərinin evində və ya digər məkanda kosmetik xidmətlər göstərilməsinə icazə verilir

Məmmədzadə Zərintac 19/07/2020

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyuldan başlayaraq müştərinin evində və ya digər məkanda kosmetik xidmətlər göstərilməsinə icazə verilir.

“Xəbərburo"  xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında söylənilir:

“Sərt karantin rejimi dövründə bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”in tələblərinə uyğun həyata keçirilir”, - deyə qərarda bildirilib.

Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat  06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.