Müəllimlərin yerdəyişmə müsabiqəsinin nəticələri bəlli olub

Məmmədzadə Zərintac 18/06/2020

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri məlum olub.

Nazirlikdən gələn məlumata əsasən, elektron yerləşdirmənin nəticələrinə görə 1934 nəfər uğur qazanıb. Bu barədə məlumat qısa vaxtda namizədlərin şəxsi səhifələrinə və mobil nömrələrinə göndəriləcək. 

Əvvəlki illərdən fərqli olaraq cari müsabiqədə vakant yer tutan namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq. 18-24 iyun tarixlərində uğur qazanmış namizədlər şəxsi səhifələrinə daxil olaraq qeyd edilən sənədləri skan etməklə vahid fayl şəklində müvafiq xanalara yükləyərək təsdiqləməlidirlər. Sənədlər yoxlanıldıqdan sonra namizədlərin iş yerinin dəyişdirilməsinə razılıq veriləcək.

Bildirək ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu iyunun 5-də bitib. Ümumilikdə 10068 nəfər müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib, 6860 namizədin elektron ərizəsi qəbul olunub.