Müdafiə Nazirliyindən hərbi qulluqçuların yaxınlarına ÇAĞIRIŞ

Esed Abasli 23/12/2020

“Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən və Vətən müharibəsində əldə etdiyimiz zəfərə kölgə salan video kadrlar yayılır və onlara məqsədyönlü şəkildə müxtəlif qərəzli şərhlər yazılır”.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Bildirilib ki, beləliklə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələbləri pozularaq Ordumuz barəsində məlumatlar yayılır, qeyri-obyektiv xəbərlərlə isə hərbi qulluqçularımızın nüfuzuna xələl gətirilir:

“Bəzi sosial şəbəkə istifadəçiləri hətta hərbi qulluqçuların siqaret ilə təmin edilməməsi ilə əlaqədar narazılıqları əks etdirən videolar da paylaşırlar.

Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti üçün ərzaq payı normaları haqqında Nazirlər Kabinetinin müvafiq qərarında hərbi qulluqçuların tütün məmulatları ilə təmin edilməsi nəzərdə tutulmayıb.

Bununla belə, dövlət tərəfindən olunan humanitar yardımlar arasında müxtəlif növ siqaretlər də vardır ki, bunlar da tütün məmulatından istifadə edən hər bir hərbi qulluqçuya fərdi qaydada çatdırılır.

Müdafiə Nazirliyi hərbi qulluqçuların valideynləri və yaxınlarına müraciət edərək, bir daha bildirir ki, onları narahat edən məsələlərlə bağlı müraciətlərini sosial şəbəkələr vasitəsilə deyil, daha operativ həll olunması üçün nazirliyin sutka ərzində fasiləsiz fəaliyyət göstərən (012) 912, (012) 538-61-31, (012) 404-76-34 telefon nömrələri vasitəsilə bildirsinlər”.