Moskvada koronavirusa yoluxanların artım tempi zəifləyib

Esed Abasli 27/04/2020

Moskva, Moskva vilayəti və Sankt-Peterburqda koronavirusa yoluxma hallarının artım tempi zəifləyib.

“XƏBƏRBURO'' “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç açıqlama verib. O qeyd edib ki, ölkənin digər bölgələrində isə vəziyyət qənaətbəxş deyil.

“Əlbəttə ki, görülən tədbirləri nəzərə alsaq Rusiyada gec-tez COVID-19-un yayılma tempi zəifləməyə başlayacaq”,- deyə Vuynoviç bildirib.

Onun sözlərinə görə, bu azalma effektiv peyvənd yaranana qədər epidemiyaların yaranması, inkişafı və dayanmasını əhatə edən epidemioloji qanunlara uyğun olaraq baş verəcək.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxanların sayına görə Çini geridə qoyub.