Misir Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

Məmmədzadə Zərintac 21/07/2020

Misir Ərəb Respublikası Xarici İşlər nazirinin Avropa məsələləri üzrə müavini, Avropa İdarəsinin rəisi, səfir Bədr Əbdül-Ati Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair açıqlama verib.

"XəbərBuro" xəbər verir ki, Misir Azərbaycan və Ermənistan sərhədlərində baş verən hadisələrdən narahatlıq hissi keçirir və BMT TŞ-nın məlum qətnamələri çərçivəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Nazir müavini, səfir B.Əbdül-Ati, həmçinin Misirin Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkə olaraq, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını, sözügedən münaqişənin hərb yolu və ya təxribatla deyil, sülh danışıqları yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb.

Azərbaycanın Misirdəki səfirliyindən bildiriblər ki, Bədr Əbdül-Ati Qahirənin rəsmi mövqeyini iyulun 21-də ölkəmizin Misirdəki səfiri Tural Rzayevlə keçirilən görüşdə ifadə edib.