Milli Mətbuatımızın yaranmasından 145 il ötür

Məmmədzadə Zərintac 22/07/2020


Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 145 illiyidir.

 

"XəbərBuro"nun məlumatına görə, ölkəmizdə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi qoymuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd edilir.

 

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını yerinə yetirmiş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox tanınıb. Ona görə də dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Amma “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

 

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına böyük təkan verib.

 

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil edilən peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.

 

Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa nail olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib.

 

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olunub. Fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyənləşib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu təsis edilib. Fondun təsisində məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, həmçinin,  buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.

 

Milli mətbuatın yubileylərinin ölkədə geniş keçirilməsi, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

 

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində olub. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisinə dair sərəncam imzalayıb.