Microsoft şirkəti TikTok-un bütün qlobal biznesini almaq istəyir

Röya Vahabova 07/08/2020

Microsoft şirkəti TikTok-in Hindistan və Avropa biznesləri də daxil olmaqla bütün qlobal biznesini almaq istəyir. "Xəbərburo" bildirir ki, bu barədə Financial Times saytı xəbər verib. 3 avqust tarixində Microsoft təsdiqləmişdi ki, o, TikTok-un ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya bizneslərinin alınması məsələsində ByteDance şirkəti ilə danışıqlar aparır. Lakin məlumata əsasən Microsoft öz fikrini dəyişərək TikTok-un bütün qlobal biznesini almaq istəyir. Qeyd etmək lazımdır ki, Çin bazarı TikTok-un qlobal biznesinə daxil deyil. Belə ki, Çində TikTok-a bənzər Douyin adlı servis fəaliyyət göstərir və o da ByteDance şirkətinə məxsusdur.

    Microsoft-un öz qərarını bir neçə gün ərzində dəyişməsi bu danışıqların ilkin mərhələdə olduqlarından xəbər verir. Danışıqlar isə 15 sentyabr tarixinə kimi yekunlaşdırılmalıdır. Bəzi mənbələrin verdikləri məlumatlara əsasən Microsoft şirkətinin, TikTok-un bütün qlobal biznesini almaq istəməsinin əsas səbəbi əməliyyat funksiyalarının ayrılmasının qəlizliyidir. Lakin servisin bütün qlobal biznesinin alınması da bu problemi həll etməyəcək. ByteDance servisin məlumatları ilə alqoritmlərinin Çin və digər ölkələr üzrə ayrılmasına hələ Microsoft ilə danışıqlardan öncə başlamışdı.

Microsoft, TikTok-un ByteDance şirkətindən ayrılması üçün 1 il əlavə vaxt sərf etməyi düşünür. Bu, ilk öncə ona görə edilir ki, ABŞ hökuməti amerikalı istifadəçilərin konfidensial məlumatları barəsində rahat olsun. Mənbələrdən birinin fikrincə proqram təminatının ayrılması üçün 5 ildən 8 ilə kimi vaxt lazım ola bilər. Qeyd etmək lazımdır ki, ByteDance şirkəti servisin ABŞ-da bloklanmaması üçün onu Microsoft-a satmağa məcburdur. Donald Trump artıq servisin ABŞ regionunda bloklanması göstərişini imzalayıb. Beləliklə TikTok 45 gündən sonra ABŞ-da bloklanacaq. Bu isə o deməkdir ki, Microsoft TikTok-un qlobal biznesini 15 sentyabr tarixinə kimi almalıdır.