"Məktəb və universitetləri 2 həftəlik dayandırmaq lazımdır" - Təhsil eksperti

Esed Abasli 11/02/2022

"Tədris prosesi, bilavasitə, yoluxmaya təsir göstərən faktordur, bunu inkar etmək mümkün deyil. Amma bu, bizim heç də normal həyata qayıtmağımıza mane olmamalıdır. Təbii ki, yoluxanların sayı artıq 8 min ətrafındadır. Bu, bizi narahat edir. Amma biz bu yoluxma sayı ilə rahatlıqla restoranlara gediriksə, əyləncə mərkəzlərinə gediriksə, deməli dərs prosesində iştirakla bağlı da bir problem olmamalıdır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O, qeyd edib ki, universitetlərdə dərslərin tam əyani formada başlaması heç bir problem yaratmır:

"Universitetlərdə birinci semestr hibrit formada idi. Yəni bəzi dərslər onlayn, bəziləri ənənəvi keçirilirdi. Amma bu zaman faydalılıq əmsalı aşağı düşür. Bəzən tələbələr həftədə iki dəfə universitetə gəlməyə görə kirayə tuturdular, dərslərin böyük əksəriyyəti onlayn olurdur. Bu da onların maliyyə itkisinə gətirib çıxarırdı. Eyni zamanda bir sıra dərsləri onlayn keçmək keyfiyyətli deyildi. Biz hətta qış imtahan sessiyasının akademik nəticəsində də bu təhlilləri gördük. Bəzən tələbələrə tam olaraq mövzuların çatdırılması həyata keçirilməyib. Dərslərin tam əyani başlaması, əlbəttə, yoluxmaya öz təsirini göstərəcək. Amma biz bundan narahat olmamalıyıq. Artıq bizim ali təhsil müəssisələrində təhsil alan tələbələrimiz 3 həftədən çoxdur ki, istirahət edirlər. Onların ənənəvi qaydada tədris prosesinə qayıdışında heç bir problem yoxdur. Bundan narazı olan tələbələrin böyük əksəriyyəti işləyirlər, bilirlər ki, həftənin yalnız iki günü universitetə gedəcəklər. Digər günlərdə isə onlayn dərslərə iş yerlərində də qoşulurlar. Amma bu proses istənilən nəticəni verməyib. Dərslərin ənənəvi başlamasında isə hər hansı problem yoxdur”.

Ekspert qeyd edib ki, orta məktəblərdə iki həftəlik fasiləyə ehtiyac var:

"Orta məktəblər üçün biz təklif etdik ki, iki həftəlik fasilə olsun. Çünki orta məktəbdə sentyabrın 22, 29-dan başlayan dərslər fasilə olmadan davam edir. Bu müddət ərzində bizim şagirlərimiz, müəllimlərimiz arasında yoluxanlar oldu, yoluxma sayı kəskin artdı. Təbii ki, bu, bizi narahat edən məqamdır. Bütün hallarda orta məktəblərə iki həftəlik fasilə verməyə ehtiyac var. Çünki şagirdlər və müəlimlər fiziki və psixoloji yorulublar. Keyfiyyətli tədris üçün onların itirdikləri enerjini bərpa etməyə ehtiyac var. Gərək ki, təhsil nazirliyi qış tətilini ləğv etməzdi. Uşaqlar davamlı olaraq fasilə vermədən dərslərə qoşulurlar. Onlayn tədris yox, amma bütün tədris prosesini iki həftəlik dayandırmaq lazımdır”.