Mehriban Əliyeva: “Əsas yük sizin üzərinizə düşüb” – TƏBRİK

Fəxriyyə Qüdrətli 17/06/2020

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Instagram” səhifəsində 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə bağlı səhiyyə işçilərini təbrik edib.

“XəbərBuro”-nun xəbərinə görə, təbrikdə deyilir:

“Bu gün – 17 İyun – ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunur. Səhiyyə sahəsində çalışan hər kəsi bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Əminəm ki, bu gün bütün vətəndaşlarımız sizə sonsuz təşəkkür və səmimi minnətdarlığını bildirmək istərdi. Axı koronavirus pandemiyası ilə mübarizədə əsas yük sizin üzərinizə düşüb. Biz bir daha sizin peşəkarlığınıza əmin olduq. Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq. Siz öz doğma və yaxınlarınızdan uzaqda həyatınızı riskə ataraq xəstəliyi yenməyə kömək edir, həyatları xilas edir, insanlara inam və ümid bəxş edirsiniz. Sizin gündəlik zəhmətiniz, peşə borcunuza sadiqliyiniz, pasiyentlərə xoş münasibətiniz, şəfqət və mərhəmətiniz ən yüksək qiymətə layiqdir! Sizin hər birinizə hünər, dözüm və ən əsası cansağlığı arzulayıram!”