Mehriban Əliyeva Böyükşora dair tapşırıq verib

Məmmədzadə Zərintac 09/07/2020

Bir neçə gün əvvəl “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyükşor gölündə yaratdığı fəsadların aradan qaldırılması üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə müvafiq işlərə başlanılıb.

“Xəbərburo” xəbər verir ki, bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat yayıb.

O qeyd edib ki, Böyükşor gölündə yaranmış çirklənmənin aradan qaldırılması işləri Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən nəzarətə götürülüb. Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları baş vermiş hadisənin səbəblərini araşdırır. 

İ.İbrahimova əlavə edib ki, hazırda FHN, ETSN və digər aidiyyəti qurumlar tərəfindən gölün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsi işləri həyata keçirilir. Çirkab təbəqə FHN-nin Xəzər Hövzə Xidmətinin texnika və işçi qüvvəsi tərəfindən yığılaraq Təhlükəli Tullantılar Poliqonuna daşınır.