KTMT sərhəddə baş verən vəziyyətlə bağlı təcili iclas keçirəcək

Məmmədzadə Zərintac 13/07/2020

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Azərbaycan və Ermənistan arasında sərhəddə yaşanan gərginlik səbəbindən təcili iclas çağırıb.

"Xəbərburo" xəbər verir ki, bu haqda  təşkilatın mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, KTMT baş katibi Stanislav Zas Yerevan və Bakı arasında yaşanan gərginlik səbəbindən bu gün daimi şuranın təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

"İyulun 12-də Tovuz istiqamətində baş verən toqquşmalar nəticəsində Ermənistan - Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi səbəbindən KTMT baş katibi Stanislav Zas iyulun 13-də KTMT Daimi Şurasının təcili iclasının təşəbbüsü ilə çıxış etdi",-deyə təşkilatın mətbuat xidmətinin açıqlamasında deyib.

Bildirək ki, KTMT 1992-ci il mayın 15-də Özbəkistan paytaxtı Daşkənddə imzalanmış müqavilə əsasında yaradılıb. Qurumun hazırkı üzvləri bunlardan ibarətdir: Rusiya, Qazaxıstan, Qırğız Respublikası, Belarus, Ermənistan və Tacikistan.