Koronavirusa yoluxmuş xəstələrə baxan bu tibb işçilərinin əməkhaqlarına əlavə olacaq

Məmmədzadə Zərintac 24/07/2020

Nazirlər Kabineti Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirusa yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyənləşməsinə dair qərar verib.

"XəbərBuro" xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara görə, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyənləşdirilib.

Qərarın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il iyulun 1-dən oktyabrın 1-dək olan müddət üçün ödənilir.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Maliyyə Nazirliyi ilə birgə bu qərardan irəli gələn digər məsələləri həll etməlidirlər.