Koronavirus xəstələri ömürlərindən ən azı 10 il itirirlər - ARAŞDIRMA

Esed Abasli 28/04/2020

Alimlər koronavirus xəstələrinin ən azı 10 il daha az yaşadıqları qənaətinə gəliblər.

“XƏBƏRBURO” “Euronews”a istinadən xəbər verir ki, araşdırmanı şotlandiyalı alimlər aparıblar.

Araşdırmanın nəticələrinə görə, koronavirusdan ölən insanlardakı bütün xroniki xəstəliklər də nəzərə alınmaqla onlar potensial həyatlarından ortalama 10-13 il itiriblər.

Bu müddətin ürək problemi yaşayanların itirdiyi illərə yaxın olduğunu vurğulayan mütəxəssis Devid Makalister hökumətləri pandemiyanı ciddiyə almağa çağırıb.

Araşdırmada iki cür - xroniki xəstəliklərin sayı və tipinə görə tənzimlənmədən öncə və tənzimlənəndən sonra - hesablamalar aparılıb.

Belə ki, İtaliyada koronavirusdan ölənlərin yaşı və sağlamlıq durumu ilə dünyada COVID-19-a yoluxmamış, ancaq bənzər sağlamlıq durumu olub vəfat edən insanların məlumatları müqayisə edilib.

Bu müqayisədə ən mötəbər mənbələrdən – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Etibarlı Anonim Məlumat Şəbəkəsi (SAIL) və Səhiyyə Məlumat Bazasının bilgilərindən istifadə edilib. Hazırlanan məruzədə dünyasını dəyişən insanların koronavirusa yoluxmasa da, neçə il ömrü qaldığı hesablanıb.

Hesabatda gözləntilərin əksinə, xronik xəstəliklərin heç də böyük fərq yaratmadığı ortaya çıxıb. Hesabatda insanlarda hazırda xroniki xəstəliklər olmasa da, koronavirusun böyük miqyasda gözlənilən ömür uzunluğuna zərbə vurduğu bildirilib. Başqa sözlə, xroniki xəstəlikliyi olanlarla olmayanlar, demək olar ki, eyni dərəcədə “illərini itirirlər”.

Məlumata görə, COVID-19 kişilərdə 13, qadınlarda isə ömürlərindən 11 il kəsir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 074 000-i ötüb. Bunların 924 979 nəfəri sağalıb, 211 773 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.