Kalqari şəhərində bayrağımız ucaldılıb

Məmmədzadə Zərintac 01/08/2020

Kanadanın Kalqari şəhərində azərbaycanlı icma üzvlərinin müstəqil Azərbaycan dövlətinə və ordumuza dəstək üçün yürüş-mitinqi təşkil edilib.

"XəbərBuro" xəbər verir ki, Alberta-Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə olan aksiyada öncə Kalqari şəhər bələdiyyəsinin inzibati binası qarşısında dövlət bayrağımızın ucaldılıb.

Bayrağın 24 saat  dalğalanması üçün əvvəlcədən meriyadan icazə alınıb.

Günün ikinci yarısında "Olimpik Plaza" binasının önündən  dövlət bayrağımızın ucaldığı meydana doğru yürüş edilib. Koronavirusla əlaqədar karantin qaydalarına uyğun,  yürüşə 60 nəfər həmvətənimiz qatılıb. Yürüş-mitinqində  Azərbaycan, Türkiyə və Kanadanın dövlət bayraqları dalğalanıb, Ermənistanın hərbi təxribatları zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin, müxtəlif şüarların və məlumatların əks olunduğu plakatlar nümayiş etdirilib. Aksiya zamanı Azərbaycanın dövlət himni ifa olunub, “Qarabağ Azərbaycandır!”, "Erməni təcavüzünə son!”, “Yaşasın Azərbaycan!”, Şəhidlər ölməz, Vətən bölünməz!" şüarları səsləndirilib.

Tədbir Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olmuş hərbçilərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə bitib.