İtaliya Senatında Ermənistanın son təxribatları ilə bağlı dinləmələr keçirilib

Məmmədzadə Zərintac 30/07/2020


İtaliya Senatının Xarici işlər daimi komissiyasında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatlarına dair Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin iştirakı ilə dinləmələr keçirilib. Dinləmələri Senatın Xarici işlər daimi komissiyasının sədri senator Vito Petroçelli açaraq baş vermiş hadisələrin İtaliya Senatını ciddi narahat etdiyini söyləyib və bu mövzuda müzakirələrin aparılmasının əhəmiyyətini vurğulayıb.
AZƏRTAC-a istinadən "XəbərBuro"  xəbər verir ki, səfir Məmməd Əhmədzadə mövzuya dair  geniş təqdimatla çıxış edib. O, çıxışında diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən bəhs edərək,  ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi, tarixi torpaqlarımızda Ermənistan dövlətinin yaradılması və ərazilərimiz hesabına genişləndirilməsi haqqında məlumat verib. Səfir azərbaycanlıların indiki Ermənistan ərazisindəki öz tarixi torpaqlarından sistematik olaraq deportasiyası, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə də söz açıb.
Diplomat 1988-ci ildən etibarən Ermənistanın ölkəmizə qarşı irəli sürdüyü yeni ərazi iddiaları, Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və onun nəticələri ilə əlaqədar məlumat verib. Çoxsaylı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin, habelə BMT Təhlükəsizik Şurasının dörd qətnaməsinin tələblərini səsləndirib, bütün bunlara Ermənistanın məhəl qoymadığı, erməni tərəfinin danışıqlar prosesini uzatmağa yönəlik destruktiv hərəkətləri, eləcə də münaqişə ilə bağlı status-kvonu möhkəmləndirmək, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət və davamlı atəşkəs rejimini pozmaq cəhdlərini vurğulayıb.
Diplomat Ermənistanın 12 iyuldan başlayaraq Azərbaycana qarşı Tovuz rayonu istiqamətində həyata keçirdiyi yeni hərbi avantürası və Ermənistan rəhbərliyini buna təhrik edən səbəblər və məqsədlər barədə də ətraflı danışıb. O, Tovuz ərazisindən Azərbaycanın enerji ehtiyatlarını Qərb ölkələrinə və dünya bazarlarına daşıyan strateji nəqliyyat infrastrukturunun,  İtaliyaya da xam nefti nəql edən Bakı-Tbilisi-Ceyhan neft kəməri və bir neçə aydan sonra təbii qaz nəql edəcək Cənub Qaz Dəhlizinin keçdiyini deyib, bu ərazidə Ermənistanın hərbi təxribatlarının Cənub Qaz Dəhlizinin tam gücü ilə istismara verilməsindən bir neçə ay əvvəl baş verməsinin də təsadüf olmadığını söyləyib.
Diplomat Ermənistanın mövcud hadisələrə dair çoxsaylı dezinformasiyalar da yaydığını, erməni radikal qruplarının Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə, diplomatik heyətinə və xaricdə yaşayan azərbaycanlılara qarşı fiziki hücumlar və vandalizm aktları həyata keçirdiyini, proseslərə obyektiv yanaşan xarici kütləvi informasiya vasitələrinə, nüfuzlu ictimai xadimlərə, siyasətçilərə təzyiqlər etdiyini də qeyd edib. O, Azərbaycanın haqlı mövqeyinə dəstək göstərən və müvafiq bəyanatlar vermiş italyan parlamentarlarına da təşəkkür edib.
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya tarixi dövlət səfəri vaxtı iki ölkə arasında imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”yə istinad edərək bu sənədlə İtaliyanın Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyini ifadə etdiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında nizamlanmasını dəstəklədiyini bildirib. Bundan irəli gələrək,  ATƏT-in Minsk Konfransının ilk sədri kimi İtaliyanın institusional yaddaşa malik olduğunu, Azərbaycandakı böyük iqtisadi və strateji maraqlarını, iki ölkə arasında iqtisadi əməkdaşlığın neft və qazın tədarükü ilə məhdudlaşmadığını, son illər Azərbaycanda italyan şirkətlərinin böyük layihələrə cəlb olunduğunu, habelə İtaliyada uğurlu yerli muxtariyyət modelləri təcrübəsinin də olduğunu nəzərə alaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İtaliyanın öz səylərini daha da artırmasının faydalı olacağını vurğulayıb.
Tədbir İtaliya senatorları  baş vermiş hadisələrə münasibətdə şərhlərin bildirməsi və sual-cavab sessiyası ilə davam edib. Senatorların əksəriyyəti münaqişənin dialoq və danışıqlar yolu ilə nizamlanmasının vacibliyini, münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsas olduğunu və İtaliyanın maraqları nöqteyi-nəzərdən hökumətin münaqişənin nizamlanması üçün səylərinin artırmasının əhəmiyyətini qeyd ediblər.
Səfir M.Əhmədzadə senatorların suallarına görə münaqişənin həllinə münasibətdə ölkəmizin mövqeyi, münaqişənin sırf ərazi maraq kəsb etməsi və ermənilərin iddia etdiyi kimi heç bir dini amilə əsaslanmadığı, beynəlxalq ictimaiyyətin, həmçinin  ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli üçün səylərini artırmasının vacibliyi barədə danışıb.
Tədbir İtaliya Senatının rəsmi televiziya kanalı  Senato TV və Senatın sosial şəbəkə profilləri üzərindən canlı yayımlanıb.