İsraildə Silahlı Qüvvələrimizə dəstək üçün yürüş-mitinq keçirilib

Məmmədzadə Zərintac 09/08/2020


İsrailin Tel-Əviv Yafo şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və düşmənin xain hücumunun qarşısını böyük qəhrəmanlıqla alan  Silahlı Qüvvələrimizə dəstək olmaq üçün yürüş-mitinq keçirilib.

"XəbərBuro" xəbər verir ki, “İsraildə Azərbaycan Evinin”  təşkili ilə olan aksiyada bu ölkədə yaşayan 400-dən çox  soydaşımız iştirak edib. Azərbaycan və İsrailin dövlət bayraqlarının, Aprel və Tovuz döyüşlərində həlak olmuş şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların göstərildiyi yürüş-mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini kəskin şəkildə pisləyiblər.

Yürüş-mitinqdə qəhrəman şəhidlərimizin adları çəkilib, “Vur, keç səngəri, Azərbaycan əsgəri!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Erməni terroruna son!”, “Erməni təcavüzünə son!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, Bizim olacaq”, “Sən çağırsan gələrəm mən, yaşa doğma Azərbaycan!, Sənin üçün ölərəm mən, yaşa doğma Azərbaycan!” və sair şüarlar səsləndirilib.

Yerli polis qüvvələrinin nəzarətində olan aksiya bəyanatın oxunması ilə bitib.

Bəyanatda deyilib ki, “İsraildə Azərbaycan Evi”nin İdarə Heyətinin üzvləri və rəhbərləri, eləcə də bu ölkədə fəaliyyət göstərən azərbaycanlı diasporun Əlaqələndirmə Şurasının üzvləri ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın işğalçı qüvvələrinin həyasızcasına və azğıncasına törətdiyi hərbi təxribatları pisləyir və buna qəti etirazlarını bildirirlər. 

Məhz Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli cavabı nəticəsində erməni işğalçıları geri çəkilib və böyük itkiləri olub.

“Biz, əslən Azərbaycandan olan yəhudilər Dağlıq Qarabağın problemləri ilə yaxşı tanışıq və hələ XX əsrin 90-cı illərində şahid olmuşuq ki, daşnak qruplaşmaları SSRİ-nin dağıldığı dövrdə yaranmış qarışıqlıqdan, o dövrdə Azərbaycan ordusunun hələ formalaşmadığı məqamdan sui-istifadə edərək, bütün dünyadan – Livan, Suriya və digər ölkələrdən başkəsən erməni silahlılarını toplayaraq, Azərbaycan torpaqlarını həyasızcasına işğal edirdilər”, - vurğulanıb.

Soydaşlarımız xüsusilə söyləyiblər ki, əslən azərbaycanlı İsrail sakinləri Azərbaycan ordusunun uğurları və qəhrəmanlığı ilə qürur duyurlar. “Bu gün bizim diasporun İsraildə tərbiyə almış, Azərbaycan naminə fədakarlıq və qəhrəmanlıq nümayiş etdirməyə hazır olan yeni gənc nəsli yetişib. Biz hamımız, əslən Azərbaycandan olan yəhudilər, 28 ildən artıq erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi kimi müqəddəs işə gücümüz çatan səviyyədə töhfə verməyə hazırıq”.