İqtisadiyyatın “ağardılması” ölkə gəlirlərinə birbaşa təsir göstərir - ŞƏRH

Mükafat İsazadə 13/03/2021

“Gizli iqtisadiyyat”a qarşı görülən tədbirlər, eyni zamanda, vergi sistemində aparılan islahatlar fiskal gəlirlərimizdə artımlara gətirib çıxarır”.  


"XəbərBüro" "Oxu.Az"a  istinadən məlumat verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov ölkədə iqtisadiyyatın “ağardılması”nın büdcəyə daxilolmalara təsirindən danışarkən deyib.


Onun sözlərinə görə, istər 2020-ci il, istərsə də 2021-ci ilin ilk iki ayının yekunları onu göstərir ki, pandemiyanın təsirlərinə baxmayaraq vergi daxilolmalarında hər hansı bir çətinlik müşahidə olunmayıb:


“Qeyd etmək istərdim ki, həm ötən il, həm də bu ilin yanvar ayında “lockdown” tədbirlərinin tətbiq olunması ilə əlaqədar real sektorun fəaliyyəti məhdudlaşdırıldı. Lakin buna baxmayaraq vergi daxilolmalarında öhdəlik və proqnozlar tam olaraq yerinə yetirilib”.


Deputat vergi daxilolmalarının COVID-19 pandemiyasına baxmayaraq artmasının hansı səbəblərlə əlaqədar olduğuna da aydınlıq gətirib:


“Son üç ildə “gizli iqtisadiyyat”a qarşı mübarizənin daha da güclənməsi və bütövlükdə iqtisadiyyatın “ağardılması” prosesini müşahidə edirik. Əvvəlki dövrlərdə “gizli iqtisadiyyat”da qalan və büdcədən yayınan vəsaitlər son illər aparılan islahatlar nəticəsində dövlət büdcəsinə cəlb oluna bilib. Nəticə etibarilə pandemiyanın təsirlərinə baxmayaraq proses büdcə daxilolmalarına xüsusi təsir göstərmədi. Bu bir daha onu göstərir ki, islahatların genişləndirilməsi dövlət büdcəsinə daha çox vəsaitin cəlb edilməsinə imkan yaradır”.


Növbəti dövrlərdə də dərinləşdirilmiş islahatların fiskal gəlirlərimizə birbaşa təsir göstərəcəyini deyən Vüqar Bayramov əlavə edib ki, bu, eyni zamanda da büdcə daxilolmalarında qeyri-neft sektorunun payının artmasına gətirib çıxaracaq:


“2030-cu ilə qədər “gizli iqtisadiyyat”a qarşı mübarizə, iqtisadiyyatın liberallaşdırılması, o cümlədən sektor üzrə şəffaflığın artırılması ilə bağlı islahatlar prioritet elan edilib. Hazırlanmaqda olan 2021-2025-ci illər üzrə strateji inkişaf proqramında da “gizli iqtisadiyyat”a qarşı mübarizənin gücləndirilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi təqdim olunacaq”.


Deputat qeyd edib ki, 2021-ci ilin ilk iki ayı ərzində vergidən daxilolmaların fiskal gəlirlərimizə birbaşa təsir etdiyini bir daha müşahidə etdik.