İçki məclisindən sonra "ağıllı ol" sözü cinayətə səbəb olub-Məhkəmə

Məmmədzadə Zərintac 19/06/2020

Qubada adam bıçaqlamaqda təqsirləndirilən Rəşad Aydəmirovun cinayət işi üzrə ibtidai istintaq bitib.

“Report”a əsasən, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Telman Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə baş tutacaq.

Bildirək ki, hadisə bu ilin yanvar ayında olub. Bakı şəhər sakini, əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs edilmiş 44 yaşlı Rəşad Aydəmirov Qubanın Digah kənd sakini Coşqun Həsənbəyova bıçaqla xəsarət yetirib.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan R.Aydəmirov dindirilmə zamanı törətdiyi əməli etiraf edərək C.Həsənbəyova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini deyib.

Məlum olub ki, Bakıda yaşayan və anasıgilə qonaq gələn R.Aydəmirov kafedə yeyib-içmək məclisi düzəldib:

“Sonra Coşqun gəldi ki, mən də istəyirəm sizinlə yeyib-içim. Gedib araq aldı, süfrəni düzəltdi. Hər şey normal idi. Çıxanda kafedə bir qohumumu gördüm. Ona zarafatla “ağıllı ol” dedim, bu qayıtdı ki, ona niyə elə dedin? Həmin adam da buna bizim zarafatımızın olduğunu bildirdi. Coşqun bir az sonra mənə “özün ağıllı ol” dedi və aramızda dava düşdü. Bir-iki dəfə qaldırıb vurdum yerə. Gördüm alınmır, mətbəxdən bıçağı götürdüm. Özüm də bilmədim, vurdum. Mənə lazım deyildi heç, onunla görüşməyimə də peşmanam”.

R.Aydəmirova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.