Hindistanda təyyarə qəzası: pilot öldü

Leyla Aliyeva 07/08/2020

Hindistanın Karipur şəhərində “Air India” aviakompaniyasına məxsus təyyarə sərt eniş edib və zolaqdan kənara çıxıb. “XəbərBuro” bildirir ki, bu barədə “Times of India” xəbər verib.

Təyyarə Dubaydan reys yerinə yetirirmiş, onun göyərtəsində 191 nəfər var idi.

Yaralanan və ya həyatını itirənlərlə bağlı hələlik məlumat yoxdur. 

***

Ölkənin Mədəniyyət və Turizm naziri Alfons Kannantanam tvitterdə yazıb ki, hadisə nəticəsində təyyarənin pilotu həlak olub, çox sayda sərnişin xəsarət alıb.

Nazir qeyd edib ki, təyyarənin ön hissəsi tamamilə yararsız hala düşüb, bütün sərnişinlər evakuasiya edilib.

“Xoşbəxtlikdən təyyarə yanmayıb”, - Kannantanam əlavə edib.

“NDTV” telekanalı xəbər verib ki, sərt enişdən sonra xəstəxanalara 30-dan çox insan çatdırılıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəlib.