Hazırda Bakıdan hansı ölkələrə uçmaq olar?..

Leyla Aliyeva 10/07/2020

Pandemiya səbəbindən yay aylarında sərhədlərin bağlanması bir çox insanın səfər, eləcə də istirahət planlarını ləğv etdi. Bəzi ölkələrarası sərhədlər açılsa da, Azərbaycan mövcud şəraitə görə sərhədlərini avqustun 1-inə qədər bağlı saxlayacaq. Sonradan beynəlxalq uçuşlarla bağlı hansı qərarın veriləcəyi isə ölkəmizdəki yoluxma sayının dinamikasından asılıdır. 

Buna baxmayaraq, Azərbaycan Hava Yolları (AZAL) vəziyyəti nəzərə alaraq və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təcili səfər etmək istəyən vətəndaşlar üçün xüsusi reyslər təklif edir. 

"Xəbərburo" "Qafqazinfo”ya istinadən pandemiya şəraitində ölkə xaricinə necə səfər edə biləcəyinizlə bağlı məlumat verir.

Belə ki, hazırda Azərbaycandan 4 ölkə paytaxtına həftədə 1 və 4 dəfə olmaq şərti ilə müəyyən reyslər nəzərdə tutulub. Bu şəhərlər İstanbul, London, Berlin və son olaraq da qarşılıqlı marketinq razılaşmasına əsasən Minskdir.

Bildiyimiz kimi, pandemiya səbəbindən Azərbaycandan yerinə yetirilən reyslərin sərnişinlərindən TƏBİB tərəfindən akkreditasiya olunmuş laboratoriyalarda icbari qaydada testdən keçmək tələb olunur. Həmçinin digər ölkələrdən Azərbaycana uçuş zamanı koronavirus testinin mənfi nəticəsini təsdiq edən arayış təqdim etmək lazımdır. Əks təqdirdə sərnişinlər uçuşa buraxılmır. Koronavirus testinin keçirilməsini təsdiq edən arayış reysin uçuşundan ən gec 48 saat əvvəl alınmalıdır. 

Azərbaycandan təşkil olunan uçuşlarda iştirak edəcək sərnişinlər üçün testlər aşağıdakı klinikalarda aparılır:

- Referans kliniki laboratoriya mərkəzi;

- Leyla klinikası;

- Memorial klinikası

- Bona Dea xəstəxanası; 

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- UltraLab.