Gender Bərabərliyi Komissiyasının növbəti iclası baş tutub

Məmmədzadə Zərintac 09/07/2020

İyulun 8-i və 9-da Avropa Şurası Gender Bərabərliyi Komissiyasının 17-ci iclası təşkil olunub.

"Report"a əsasən "Xəbərburo" xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) gələn məlumata görə, videokonfrans şəklində keçirilmiş iclasda 2018-2023-cü illər Gender Bərabərliyi Strategiyası, COVID-19  pandemiyasının yaratdığı böhranın qadınlar və gender bərabərliyinə təsiri və digər mövzulardan bəhs edilib.

Tədbirdə iştirak edən Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru, Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynli çıxış edib. Ş.Hüseynli qeyd edib ki, antidopinq sahəsində son illərdə gender bərabərliyinin təmin olunmasında tərəqqi nəzərə çarpsa da, effektiv bərabərliyin təmin olunması üçün fəaliyyətin gücləndirilməsinə ehtiyac var.

Tədbirin sonunda Avropa Şurası Gender Bərabərliyi Komissiyasının 17-ci iclasının yekununa dair sənəd qəbul edilib.

Vurğulayaq ki, AMADA-nın direktoru Şəfəq Hüseynli ötən ilin oktyabrında Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) 48-ci iclasında qəbul edilmiş qərara əsasən Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib.

Qeyd edək ki, Ş.Hüseynli Avropa Şurasının CAHAMA çərçivəsində “Antidopinq Sahəsində Gender Bərabərliyinin İnkişafı” layihəsinə başlayıb. Layihənin məqsədi antidopinq sahəsində gender bərabərliyini dəstəkləməkdir. Layihənin icrası antidopinq təşkilatlarında gender balansı ilə bağlı vəziyyətin və qərarların qəbul edilməsində gender bərabərliyinin nəzərə alınma səviyyəsinin öyrənilməsinə şərait yaradacaq və qarşıya çıxan problemlərin həllinə imkan verəcək.