“Gələcəyimiz olan uşaqların ilk dərsi: Qarabağ Azərbaycandır!” - Şahin İsmayılov

Aynur 22/09/2021

“Uşaqlar bizim gələcəyimizdir. Bu gün onların ilk dərs günündə Zəfərdən danışır, dərsə bütün dünyaya səs salan "Qarabağ Azərbaycandır!" ifadəsi ilə başlayırıq”.

“XəbərBüro” xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

“Təxminən 30 il əvvəl qısa bir tarixi olan bədnam qonşularımız tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması xülyasına düşdülər. O vaxtkı hərcmərclikdən, SSRİ-nin dağılması və yenicə müstəqillik əldə etmiş ölkəmizdəki siyasi xaosdan istifadə edərək torpaqlarımızı işğal altına saldılar. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı bütün beynəlxalq təşkilatlar tərəfindən də tanındı, icra olunmayan qərarlar qəbul olundu.

İllər ərzində Azərbaycan hərbi və siyasi gücünü artırmaqla yanaşı insanlarımızın maarifləndirilməsi, vətənpərvərlik ruhunun aşılanması istiqamətində də kifayət qədər böyük işlər gördü. Şanlı qələbəmizdən sonra ilk dərs ilinin başlanması gənc nəsilə məktəb illərində qələbəyə aparan yolda görülən xatırladır, yenicə məktəbə başlayan körpə balalarımıza isə yeni Azərbaycan tarixini öyrədir. Bu gün məktəbə başlayan şagirdlər ermənilər tərəfindən  Azərbaycan xalqına qarşı tarix boyu törədilmiş soyqırım faktlarını öyrənməklə yanaşı, cəmi 44 gün ərzində dünya hərb tarixinə səs salan Vətən müharibəsi qələbəsini öyrənib onun qürurunu yaçayacaqlar. Gənc nəsil eyni zamanda müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq salnaməsi ruhu ilə yaşayacaq və bunu bir sonrakı gənc nəsilə ötürəcəklər.

Yeniyetməlik dövrü Qarabağ savaşı ilə üst-üstə düşən, savaşdan sonra dünyaya göz açan hər bir kəs Azərbaycançılığı, süverenliyimizi və ərazi bötüvlüyümüzü məhz məktəb yaşlarında öyrənməyə başladı. Hər şeydən əvvəl, onlar düşmən tapdağı altında olan əsrarəngiz torpaqları öyrəndikcə vətən eşqi ilə böyüdü. Həmin məktəblilər böyüdü, Vətən müharibəsinin iştirakçısı olaraq qəhrəmanlıq nümayiş etdirdi və tarix yazdı.

Gənclərimiz Qarabağ mövzusunda məktəb yaşlarında öyrəndikləri çox zəngin məlumata sahibdir. Təbii ki, bu biliklər yalnız dildə qalmır, əməldə də görünür. Zaman keçdi və məktəb otaqlarında, kitablarla maariflənən uşaqlar böyüyərək vətənin müdafiəsi üçün ayağa qalxdı. İnsanlarımızın vətənpərvər ruhda böyüməsi ölkəmizin hərbi və siyasi gücünə əlavə güc qatdı. Vətən müharibəsinə böyük əzmlə gedən gənclərimiz məhz məktəb illərində Vətən Sevgisini öyrənənlərdir. İndi fəxr hissi ilə birinciləri Zəfər çalan xalqın məktəbliləri kimi qarşılayırıq.

Fürsətdən istifadə edib Birincilərin timsalında bütün məktəbliləri təbrik edir, onlara gözəl gələcək arzulayıram”.