FİFA20 1-ci Liqasının son həftəsi başlayıb

Məmmədzadə Zərintac 08/09/2020

FIFA20 1-ci Liqasının axırıncı həftəsi start götürüb. "XəbərBuro" xəbər verir ki, son turadək Quba və Naxçıvan eyni xal toplayaraq, ilk iki yeri bölüşdürürdülər. Amma Cavid Qurbanovun Naxçıvan kollektivi 34-cü turda Şamaxı ilə keçirdiyi gərgin oyunda vacib iki xal itirib.  Şamaxı 32-33-cü turlarda ardıcıl olaraq iki ağır məğlubiyyət yaşamışdı. Ancaq 34-cü turda liderlə oyunda layiqli mübarizə nümayiş etdirən Rəhman Quliyev Naxçıvana çətin anlar yaşatmağı bacarıb. Qollu qarşılaşma 3:3 hesabı ilə bitib.

Lənkərana minimal hesabla (0:1) qalib gələn Rüfət Niftəliyevin idarə etdiyi Quba isə turnir cədvəlinin ilk pilləsində öz yerini möhkəmlədib və Naxçıvanı 2 xal qabaqlayır.

Vahid Əfəndiyevin başçılıq etdiyi Qazax komandasını son turların ən uğursuz kollektivi adlandırsaq, yəqin ki, yanılmarıq. Sonuncu dəfə avqustun 26-da qələbə sevinci yaşayan Vahid Əfəndiyev 34-cü tur çərçivəsində autsayder Qaxla keçirdiyi oyunda da xal itirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Üçüncü yerdə qərarlaşan Ayxan Əliyevin Şəki komandası öz oyununu qələbə ilə başa vurub. Şəki xanları Beyləqandan üstün olublar (1:3). Tural Həsənovun Qarabağı, öz növbəsində, Mingəçevir üzərində iri hesablı qələbə qazanıb (4:0).

Turun ən böyük hesablı qələbəsini Gəncə komandası rəsmiləşdirib. Süleyman Quluzadə Neftçalanı 5:0 hesablı ağır məğlubiyyətə uğradıb.

Liqanın son 4 turunu qaçırmayın və qarşılaşmaları canlı olaraq həftənin 6 günü 12:00-dan 17:00-dək GLAHUB youtube kanalında və 16:00-dan 17:00-dək “İdman TV” kanalında izləməyə davam edin.

Eyni zamanda FIFA20 1-ci Liqası ilə bağlı bütün məlumatları kiberidmanın yeganə ünvanı olan “Gaming League Azerbaijan” tərəfindən xüsusi olaraq yaradılmış fifa.gla.az veb-saytından əldə edə bilərsiniz.

Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İdman TV, Azərbaycan Kiber İdman Federasiyası, Gaming League Azerbaijan (GLA) və Topaz-ın birgə təşkilatçılığı, BirBankın baş sponsorluğu ilə keçirilən FIFA20 1-ci Liqasına sentyabrın 11-də yekun vurulacaq.