Fərhad Mehdiyev çay fasiləsində maskasını çıxardığı üçün cərimələnib

Məmmədzadə Zərintac 28/07/2020

Hüquqşünas Fərhad Mehdiyev ofisində çay fasiləsində olarkən maskasını çıxardığına görə cərimələnib.  

"XəbərBuro" xəbər verir ki, F. Mehdiyev “Qafqazinfo”ya söyləyib ki, cərimələnmə 25 iyulda Nəsimi Rayonu, Ceyhun Səlimov küçəsi 7 ünvanında yerləşən hüquq ofisində sənədlərlə işləyərkən olub. Onun dediyinə görə, ofisdə çay içdiyi üçün maskasını çıxarıb: “30 kv.m sahəsi olan otaqda həmin an məndən başqa 1 nəfər şəxs daha vardı. O, məndən 4.5 metrə aralı oturmuşdu. Təqribən saat 16:20 radələrində üzərində boz uniformalı bir şəxs içəriyə daxil oldu. Heç özünü təqdim də etmədi. Dərhal başladı ki, sizin maskalarınız yoxdur, qaydanı pozursunuz. İzah etməyə çalışdım ki, bax yanımda yarımçıq stəkan çayım, maskam da onun yanında. Bunları hər halda o videoya da çəkirdi. Qeyd etmək istəyirəm ki, maska taxılma qaydası elə tətbiq oluna bilməz ki, insanlara olduğu yerdə nəsə yeyib-içməyi qadağan etsin. Biz evdən çıxdıqda, həmişə maska taxırıq. Ancaq nəsə yediyimiz hallarda maskamızı çıxarırıq, sonra onu yenə taxırıq. Bu səbəblə mənə yazılan 25.07.2020 tarixli MN 0623892 saylı protokolun ləğv edilməsini xahiş edirəm”.

F. Mehdiyev şikayətini asan pay.az saytına göndərdiyini vurğulayıb. 

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, ümumiyyətlə ofis şəraitində mətbəx yoxdursa, ofis daxilində işçilər oturduqları yerdə çay, nahar fasiləsi nahar edə bilər: “Əgər ofis daxilində iki nəfər varsa onlardan biri maskasını çıxarıb çay fasiləsi edə bilər. Digər şəxsin isə maskası taxılı vəziyyətdə olmalıdır. Ancaq qapalı məkanda hər iki şəxs maskasızdırsa, bu karantin qaydalarının pozulmasıdır”. TƏBİB-in   hazırladığı metodik vəsaitdə qeyd olunur ki, qapalı məkanlarda maskanın istifadəsi mütləqdir. Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsinin 1m-dən az olmaması, qida qəbulu zallarında yemək masaları arasındakı məsafənin 2 m-dən az olmamasının təmini vacibdir.