"Ermənistan həm cəbhədə, həm də diplomatiya meydanında sarsıdıcı zərbə alıb"

Məmmədzadə Zərintac 18/07/2020

“Ermənistanın sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat düşmənin yalnız hərbi baxımdan ağır zərbə alması ilə nəticələnmədi, eyni zamanda diplomatik baxımdan da ciddi məğlubiyyətinə səbəb oldu. Azərbaycan Ordusunun həyata keçirdiyi cəza tədbirləri nəticəsində düşmənin 100-dən çox canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnikası sıradan çıxarılıb. Təxribatlar davam etdiyi dövrdə dünyanın əksər dövlətləri, beynəlxalq təşkilatlar ard-arda bəyanatlar verdilər və proses hələ də davam edir. Həmin bəyənatlarda Azərbaycanın ərazi bütövlüyünə dəstək  ifadə edilib və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanıb. Ona görə də ermənilər həm cəbhədə, həm də diplomatiya meydanında sarsıdıcı zərbə alıblar”.

“Report”a əsasən "Xəbərburo"  xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib. 

O vurğulayıb ki, Tovuzda törətdiyi təxribat Ermənistsnın işğalçı olduğunu bir daha dünyaya göstərmiş oldu: “Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Ermənistanın işğalçılıq siyasəti beynəlxalq aləmdə kifayət qədər ifşa edilib. 2016-cı ilin Aprel döyüşləri və indi sərhəddin Tovuz istiqamətində törətdiyi təxribatla dünya ictimayyəti Ermənistanın işğalçı olduğunun şahidi oldu. Ermənistan yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün təhlükə mənbəyinə çevrilib. Ona  görə də dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Ermənistana qarşı adekvat mövqe tutmalı və rəsmi Yerevanın bir daha işğalçılıq siyasətinə əl atmaması üçün onu ciddi cəzalandırmalıdırlar”.

Ü.Quliyev qeyd edib ki, 90-cı illərin əvvəlindən fərqlənərək hazırda Azərbaycan və azərbaycanlılar haqq səslərini dünyaya çatdıra bilirlər. Soydaşlarımızın Ermənistanın müxtəlif ölkələrdəki səfirlikləri önündə keçirdikləri aksiyalara, Azərbaycanın diaspor təşkilatlarının rəsmi qurumlara ünvanladıqları müraciətlərə, verdikəri bəyanatlara diqqət çəkən Ü.Quliyev vurğulayıb ki, bütün bunlar Azərbaycanın haqlı mövqeyinin, haqq səsinin dünyaya çatdırılmasında vacib  rol oynayır. Deputat deyib ki, indi erməni lobbisi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri təhrif etməklə istədiyinə nail ola bilmir: “Çünki Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini faktlarla ifşa edir. Azərbaycan diasporu isə ölkəmizlə bağlı həqiqətləri bütün dünyaya çatdırırlar. 90-cı illərin əvvəlindən fərqli olaraq indi erməni lobbisinin qarşısında güclü Azərbaycan diasporu var”.

Deputat düşünür ki, Ermənistanın sərhədin Tovuz istiqamətində törətdiyi təxribat Azərbaycana öz dost və düşmənlərini tanımağa bir daha imkan yaradıb: “Sevindirici haldır ki, ölkəmizin dostları düşmənin havadarlarından daha çoxdur. Eyni zamanda Azərbaycanın dostları daha etibarlıdır. Xüsusilə Azərbaycan-Türkiyə dostluğu sınaqdan çox uğurla çıxdı. Bütün dünya gördü ki, Azərbaycan-Türkiyə dostluğu siyasi maraqlar üzərində deyil, tarixi köklər üzərində qurulub. Ermənistan artıq nəticə çıxarmalıdır, işğala son qoymalıdır və bölgədə yürütdüyü qeyri-konstruktiv siyasətdən əl çəkməlidir”.