Ərdoğan və İlham Əliyev telefonla danışıblar

Məmmədzadə Zərintac 22/08/2020

 22 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana  zəng edib.

"XəbərBuro"  xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Türkiyənin Qara dənizdə böyük təbii qaz yatağı kəşf etməsi münasibətilə təbriklərini çatdırıb, bu önəmli hadisənin dost və qardaş Türkiyə xalqının rifah halının daha da yaxşılaşdırılması və ölkənin iqtisadi gücünün daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əmin olduğunu söyləyib.

 İlham Əliyev vurğulayıb ki, Türkiyə artıq beynəlxalq qaz mərkəzlərindən birinə çevrilib və Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlıq edib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyini vurğulayaraq əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.