Emin Əmrullayevdən peşə təhsili ilə bağlı MÜRACİƏT

Esed Abasli 17/02/2021

Təhsil naziri Emin Əmrullayev peşə təhsili ilə bağlı müraciət edib. Nazir bu barədə öz “Facebook” sosial şəbəkəsində məlumat paylaşıb.

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsini həyata keçirir. Bu proses çərçivəsində vətəndaş fərdi qaydada yiyələndiyi ixtisas üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ərizə ilə müraciət edə və qiymətləndirmədə bilavasitə iştirak edə bilər.

Komissiya tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş ərizəçilər dövlət nümunəli sənədlə (sertifikatla) təltif olunacaqlar. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunan müvafiq qaydaya əsasən, öz peşə ixtisası üzrə bütün modullardan sertifikat əldə edən vətəndaşlara ilk peşə təhsilinə bərabər dövlət nümunəli diplom verilir”, - deyə o əlavə edib.

E.Əmrullayevin paylaşdığı videoda Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən bərbər ixtisasının səriştə və təcrübələrin qiymətləndirilməsi barədə də məlumat verilib.