Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlillərinə avtomobil və mənzillər verildi
16/06/2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, müharibə əlillərinə, həmçinin Çernobıl AES-də hərbi xidmətlə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə isə 50 avtomobil təqdim edilib.
Bu barədə "Xəbərburo" "Qafqazinfo" ya istinadən xəbər verir ki, bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, dövlət sifarişi əsasında “Hövsan Yaşayış Kompleksi”ndəki binalardan alınmış mənzillərdə müasir tələblərə uyğun yaşayış şərati yaradılıb.
Qeyd edilib ki, nazirlik tərəfindən müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bu gün daha 50 avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilir. (Bölgələrdə yaşayan müharibə əlilləri və onlara bərabər tutulanlar üçün nəzərdə tutulan avtomobillər karantin dövrünün tələbləri nəzərə alınaraq Neftçala rayonunda verilir.) Bununla da nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulanlara indiyədək 6800 avtomobil verilib.