Əmək müqaviləsinin müddətli bağlanması halları aradan qaldırılacaq - Nazirlik

Fəxriyyə Qüdrətli 17/06/2020

İşin daimi olduğu əvvəlcədən məlum olduqda işçi ilə əmək müqaviləsinin müddətli bağlanmasına şərait yaradan hallar aradan qaldırılacaq.

"XəbərBuro" "Trend"ə istinadən bildirir ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində Məcəllənin 47-ci maddəsinin təkmilləşdirilməsi də təklif edilir.

Mövcud qanunvericiliyə əsasən, işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Məcəllənin 47-ci maddəsində müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Lakin təcrübə göstərir ki, bir sıra hallarda Məcəllənin 47-ci maddəsinin f bəndi (Həmin bəndə görə, işəgötürən və işçinin qarşılıqlı razılığı ilə də əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər) işəgötürənlər tərəfindən sui-istifadə hallarına şərait yaradır.