Elnur Allahverdiyev: " Heç kimin dövlətin qanunlarını pozmağa haqqı yoxdur"

Məmmədzadə Zərintac 22/08/2020

"Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və təlimatları var. Vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaşın onlara riayət etməsi tələb olunur. Xüsusilə xalq qarşısında məsuliyyət daşıyan şəxslər. Heç kimin dövlətin qanunlarını pozmağa haqqı yoxdur”. 

"XəbərBuro" xəbər verir ki, bunu Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev söyləyib.

Millət vəkilinin deyib ki, qanunverici orqanın təmsilçiləri - deputatlar 6 aya yaxındır ki, seçicilərini karantin rejiminin tələblərinə əməl etməyə səsləyirlər.  Milli Məclis üzvü və cəmiyyətdə tanınmış şəxslər toy məclisində iştirak edirlər.

Onların bu davranışlarına haqq qazandırmaq olmaz: “Sadə vətəndaşı karantinin şərtlərini qəbul etməyə, hərəkət məhdudiyyətlərinə uymağa, işsiz evdə oturmağa səsləyirik, digər tərəfdən bu qadağaları pozma hallarının şahidi oluruq. Bunu necə qiymətləndirmək olar? Cənab Prezident İlham Əliyev hər çıxışında və görüşlərində ehtiyatlı olmağa, qadağaları nəzərə almağa, yaranmış vəziyyətin tələblərini ciddiyə almağa çağırır və bildirir ki, vəzifə daşıyıcıları sadə insanlara nümunə olmalıdır. İndi isə üzücü mənzərənin şahidi oluruq, vətəndaşları nizam-intizama səsləyən vəzifəli şəxslər Prezidentin çağırışlarına zidd olaraq  özləri qaydaları pozur və buna haqq qazandırmağa çalışırlar".