Əlillərin binasında lift problemi ilə bağlı iddialara cavab - RƏSMİ

Esed Abasli 29/04/2020


Sosial şəbəkələrdə Sabunçu rayonu Zabrat qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binasında lift problemi ilə bağlı şikayət edilib.

"XƏBƏRBURO" Oxu.az'a istinadən xəbər verir ki, sözügedən paylaşımı edən şəxs üç aydır binada liftin işləmədiyini, sakinlərin mərtəbələri çətinliklə çıxıb-düşdüyünü iddia edir:

“Binada yaşayan insanların əksəriyyəti yaşlıdır, mərtəbələri çıxa bilmir. Üç aydır lift xarabdır. Aidiyyəti orqanlara müraciət edirik, gəlib baxan, maraqlanan yoxdur”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyi ilə əlaqə saxladıq. İdarədən  bildirdilər ki, dünən binada liftin fəaliyyəti tam şəkildə bərpa edilib:

“Məsələ ilə bağlı bir müddət əvvəl müraciət ünvanlanıb. Həmin müraciət əsasında “Lifttəmir” İstehsalat Birliyindən əraziyə əməkdaşlar göndərilib. Məlum olub ki, binadakı liftin kəməri qırılıb. Bildiyiniz kimi, aidiyyəti üzrə paytaxt ərazisində binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə köhnə liftlər yeniləri ilə əvəz olunub.

Sözügedən binanın lifti yeni olduğundan, mövcud problemin aradan qaldırılması üçün qısa zamanda yeni kəmər sifariş verilib. Sifariş edilən detallar gələn kimi təmir-bərpa işləri aparılıb. Ötən gündən etibarən lift bina sakinlərinin istifadəsinə verilib”.

“Nəzərinizə çatdıraq ki, araşdırma zamanı liftin kəmərinin kənar müdaxilə səbəbindən qırıldığı məlum olub. Bina sakinlərinə liftlərdən təlimat qaydalarına uyğun, səliqəli şəkildə istifadə etmələri, eyni zamanda liftin kabinasında təmizliyə riayət etmələri xahiş olunub”, - deyə, məlumatda qeyd olunub.