ƏƏSMN 22 işəgötürənə dair hüquq-mühafizə orqanlarına müraciət edib

Məmmədzadə Zərintac 30/07/2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına yol verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən daimi nəzarət həyata keçirir.

"Qafqazinfo"ya əsasən "XəbərBuro" xəbər verir ki, Nazirlikdən olan məlumata görə, işəgötürənlərlə sosial dialoq qurularaq onlara əmək qanunvericiliyinin tələbləri izah edilir, sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, karantin dövründə məşğulluq məsələlərinə həssaslıqla yanaşılması məsləhət görülür.

Xüsusi karantin dövründə həyata keçirilən nəzarət zamanı 22 işəgötürən  “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil etmiş əmək müqavilələri reallığa uyğun olmayan müqavilələr kimi diqqət çəkib. Bu müqavilələrin xüsusi karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq məqsədilə bağlanılaraq bu barədə bildirişlərin e-sistemə daxil edildiyi ilə bağlı əsaslı şübhələr yaranıb.

İşəgötürənlər haqqında toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Karantin dövründə əmək müqavilələrinə xitam vermiş 156 işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.