Dünya ölkələrini hansı aqibət gözləyir?

Svetlana Mirzəyeva 18/08/2020

Gözlənilməz zamanda pandemiya təhlükəsinin ortaya çıxması dünya iqtisadiyyatını adət edilməmiş vəziyyətlərlə üz-üzə qoydu. Beynəlxalq ticari əlaqələr dayandı, logistika fəaliyyətlərində məhdudiyyətlər meydana çıxdı, demək olar bütün ölkələrdə turizm sektoru çöküş dövrünə qədəm qoydu, hava, quru və dəniz yollarının bağlanması biznes əlaqələrini qopmuş vəziyyətə gətirdi. Məhz 2020-ci ilin fevralından sonra meydana çıxan bu tip zəncirvari iqtisadi problemləri sadalamaqla bitməz. Dünyada yaşanan iqtisadi böhranı modern iqtisadiyyatın aparıcı simalarından olan Böyük Britaniya üzərindən xarakterizə etsək, pandemiyanın ölkələrdə ümumi daxili məhsulun artımına necə zərbə vurduğunu görə bilərik. Böyük Britaniyada bu  ilin birinci rübündəki ÜDM həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,2 faiz az oldu. Bununla da ölkə üzrə ÜDM-nin 1979-cu ildən etibarən ən böyük geriləməsi qeydə alındı.

Bəs görəsən dünya ölkələri bundan sonra hansı iqtisadi nəticələrlə qarşılaşa bilərlər?

Məsələ ilə bağlı  açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, pandemiya nəticəsində dünya ölkələrində iqtisadi tənəzzül davam edə bilər.