DSX narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirib

Esed Abasli 24/12/2021

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətləri davam etdirilir.

"XəbərBüro" xəbər verir ki,DSX-nin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, dekabr ayının 23-də saat 03:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu “Nissan Maxima” markalı 90-ZJ-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib.


Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağ­lama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılıblar. Onların üzərlərinə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 300 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb. Avtomobilə baxış zamanı sağ qapı­nın saxlanc yerində bir ədəd xırda bükümdə narkotik vasitəyə bənzər “mari­xuana” aşkarlanıb.

Saxlanılmış şəxslərin Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Ağayev Ceyhun Səfər oğlu və Beyləqan rayon sakini 1999-cu il təvəllüdlü Misirli Əli Misir oğlu olmaları müəyyənləş­dirilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.