Dövlət-biznes əməkdaşlığı çərçivəsində yenə bir aksiyaya başlanıb

Məmmədzadə Zərintac 21/07/2020

COVID-19  ilə mübarizə tədbirlərinə dəstək olmaq üçün dövlət-biznes əməkdaşlığı çərçivəsində daha bir sosial aksiyaya start verilib.

"XəbərBuro" xəbər verir ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, "Mətanət A", Neftçala Avtomobil Zavodu, "A.M.O." MMC-nin dəstəyi ilə paytaxt Bakıda və ölkə regionlarında icra ediləcək maarifləndirici aksiya çərçivəsində vətəndaşlara pandemiyadan qorunmaq məqsədilə tibbi maska paylanılacaq, xüsusi karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər aparılacaqdır.

 21 iyulda  Bakıda, həmçinin Abşeron, Lənkəran və Masallı rayonlarında keçirilən aksiya zamanı KOB dostları və könüllülər vətəndaşların daha çox olduğu xidmət, ticarət və ictimai iaşə obyektlərinə yaxın yerlərdə tibbi maska paylayıb, koronavirusun  profilaktikasına dair ətraflı məlumatlandırıblar.

Ümumilikdə, iyul-avqust ayları ərzində təşkil ediləcək aksiya çərçivəsində ölkənin 20-ə yaxın şəhər və rayonunda vətəndaşlara 20 mindən çox tibbi maskanın paylanması planlaşdırılır.