Dövlət başçısı bu yolların tikintisinə dair sənəd imzalayıb

Məmmədzadə Zərintac 30/07/2020

 Prezident İlham Əliyev Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin yenidən qurulmasına dair tədbirlər barədə sərəncam imzalayıb. 

“XəbərBuro” xəbər verir ki, sərəncamda söylənilir:

1. Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10,0 (on) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyevin digər sərəncamı ilə Şəki rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (134 km)–Şirinbulaq avtomobil yolunun tikintisi ilə əlaqədar tədbirlər haqqındadır: 

1. Üç min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (134 km)–Şirinbulaq avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 12,0 (on iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.