Doğru istifadə şərtlərində "E-Təbib" öz effektivliyini göstərəcək" — İT Biznes təhlilçisi

Fəxriyyə Qüdrətli 21/06/2020

“Ümumən qlobal pandemiya ilə bağlı hadisələri izləyərkən iki məqam diqqəti cəlb edir. Pandemiyanın qarşısının alınması istiqamətində, profilaktikasında və yayılma arealının azalmasında İT məhsullardan sıx istfadə olunur”.
Bu fikri İT Biznes təhlilçisi Azər Abdullayev səsləndirib.

"XəbərBuro" bildirir ki, onun sözlərinə görə, pandemiyanın Avropada yeni yayıldığı dönəmdə Estoniyanın sırf bu istiqamətdə keçirdiyi “Hackaton” Yaponiya, Çin və Cənubi Koreyada tətbiq olunan müxtəlif proqram təminatlarının istifadəsi ilə, eyni zamanda əldə olunan məlumatın (“Big data” da demək olar) müəyyən alqoritmlərlə analizi, virus ocaqlarının erkən mərhələdə müəyyən edilməsinə və onların lokallaşdırılmasına böyük töhfə vermişdi:

“Bir çox məqamalarda rəqib iki qlobal nəhəng olan “Apple” və “Google” şirkətlərinin COVİD-19 ilə mübarizədə birgə xüsusi alqoritm hazırlamaları və həmin alqoritmi müxtəlif ölkələrin səhiyyə nazirliklərinə pulsuz təklif etməsi bir daha o qənaətə gətirir ki, qlobal pandemiya şəraitində cəmiyyətlərin virusa qarşı mübarizədə ilkin “immunitetini” məhz informasiya texnologiyaları təmin edir.

Bir sıra ölkələrdə pandemiyanin ən pik vaxtında “E-Təbib” mobil tətbiqi kimi tətbiqlər fəaliyyətdədir və öz effektini göstərib. Zənnimcə, doğru istifadə şərtlərində, virus ocaqlarının ən qısa zamanda tapılmasında, potensial və aşkarlanmış daşıyıcıların tapılmasına yönəlmiş nöqtəvi qərarlar verməyə yardımçı olacaq”.