DİN qanunsuz saxlanılan ov tüfənglərini təhvil verməyə çağırıb

Esed Abasli 16/12/2021

Daxili İşlər Nazirliyi son günlər vətəndaşlardan ov tüfənglərinin götürülməsi məsələsinə aydınlıq gətirib.

XəbərBüro bildirir ki,Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bu, Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunun tətbiq olunması məqsədilə həyata keçirilir.

Onun sözlərinə görə, müvafiq sənədləri olmayan, qeydiyyata alınmadan vətəndaşlar tərəfindən saxlanılan odlu silahların aşkar olunması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib:

"Sənədi və icazəsi olmayan ov silahlarının müxtəlif ailə-məişət və yaxud başqa hadisələrdə istifadəsinin qarşısının alınması məqsədilə bu cür tədbirlər görülür. Polislər müvafiq sənədləri olmayan silahları aşkar edir, onların sahibləri məsuliyyətə cəlb olunur, silahlar isə müsadirə olunur”. DİN rəsmisi qanunsuz ov tüfəngi saxlayan şəxslərə müraciət edib.

O, qanunsuz ov tüfəngi olan vətəndaşları silahları könüllü şəkildə polisə təqdim etməyə çağırıb: “Könüllü şəkildə polisə təqdim olunan silahlara görə vətəndaş hər hansı məsuliyyətə cəlb olunmur.

Lakin əməliyyat yolu və ya daxil olan məlumat əsasında vətəndaşda silah aşkar edilirsə, həmin şəxs barəsində qanunda nəzərdə tutulan qaydada tədbir görülür”.