DİN "Fairmont Baku"da saxlanılanlara dair məlumat yayıb

Məmmədzadə Zərintac 05/07/2020

Daxili İşlər Nazirliyi  "Fairmont Baku" otelində karantin rejimini pozduğuna görə saxlanılanlara dair açıqlama yayıb. 

"Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, DİN-dən gələn məlumatda deyilir: 

"Paytaxtın Səbail rayonunda otellərdən birində xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.

Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşimançılıqlarını ifadə ediblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər".