Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”

Esed Abasli 07/03/2022

“Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində yerləşən fəxri konsulluğunun vurulması birmənalı barbarlıqdır. Bu hadisə bütün beynəlxalq hüquq normalarına və prinsiplərinə ziddir. Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”.

Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycan Respublikasının fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binası ciddi dağıntılara məruz qalmasına münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycanın Xarkovdakı fəxri konsulluğu Azərbaycanın ərazisi hesab edilir:

“Belə olan halda bu, birbaşa Azərbaycanın özünə və ərazisinə təcavüz kimi qiymətləndirilməlidir. Əslində də belədir. Xarkovda Azərbaycan konsulluğunun binasının raket atəşinə tutulmasını qətiyyətlə pisləyirəm. Rusiyanın hərbi siyasi rəhbərliyini bu davranışa görə qınayıram. Rusiyanın hərbi siyasi rəhbərliyi bu hadisəyə görə Azərbaycandan üzr istəməlidir. Biz onlardan bunu gözləyirik”.

F.Ağamalı artıq Rusiya Ukrayna xalqının ciddi müqaviməti ilə üzləşdiyini deyir:

“Qısa zamanda Ukraynanı işğal etmək arzuları ilə yaşayan Rusiyanın hərbi-siyasi rəhbərliyi öz istəyinə nail ola bilmədi. Nəinki Ukrayna ordusu ilə, bütövlükdə Ukrayna xalqı ilə qarşı-qarşıya dayanmalı oldu. Ukrayna xalqı öz dövlətinin suverenliyi, ərazi bütövlüyü uğrunda ölüm-dirim savaşının içərisindədir. Tarixdə bu cür hadisələr xalqın qələbəsi ilə yekunlaşır. Ukrayna xalqı öz torpağı uğrunda, taleyi uğrunda ədalətli müharibənin içərisindədir. Rusiya isə Ukraynaya təcavüz edib”.

F.Ağamalı qeyd edir ki, Rusiya artıq ciddi müqavimətlə rastlaşdığı üçün mülki əhalini hədəfə alıb:

“Onlar səhiyyə ocaqlarını, uşaq bağçalarını, yaşayış binalarını, sosial obyektlərini, mülki obyektləri hədəfə alıblar. Mülki insanlar arasında çoxsaylı itkilər var. Bu heç cür qəbul edilə bilməz. Bu vəhşiliyin, antiinsani, antibəşəri davranışların ən qabarıq nümunəsidir. Bütün dünya pisləyir, elə mən də bu hadisələri pisləyirəm. Tezliklə bir insan kimi Rusiyanın Ukraynaya qarşı təcavüzünün dayandırılmasını tələb edirəm”.