“Dəniz kuboku” müsabiqəsində artilleriya atışları yerinə yetirilib.

Aynur 01/09/2021

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində İranın Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunda “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər.


“XəbərBüro” bildirir ki, Müdafiə Nazirliyinin verilən məlumata görə, tapşırığın şərtlərinə görə hərbi dənizçilər hərəkətdə olan gəmilərdən müəyyən məsafədə üzən iki mina hədəfini ümumilikdə 32 patron istifadə edilməklə məhv ediblər.


Hakimlər komissiyası hədəflərin məhv olunması və gəmilərin vaxt baxımından poliqonu daha tez tərk etməsi üzrə qiymətləndirmə aparıb.


Tapşırığın yekununda İran komandası 38 balla birinci, Rusiya  36 balla ikinci, Qazaxıstan 34 balla üçüncü, Azərbaycan hərbi dənizçiləri isə 28 balla dördüncü yerdə qərarlaşıblar.